среда, 16 октября 2013 г.

"Ölsəm Bağışla" - Təəssüratlarımız

Bu gecə Reyhanla "Ölsəm Bağışla" filmini izlədik. Film sevgi və mübarizədən bəhs eləsə də, müharibədən sonrakı dönəmin sıxıntıları da böyük ustalıqla təsvir olunub. Bizim təəssüratlarımız belədi.
E: Filmin sonluğundan xəbərdardım deyə, mənim üçün əsas müharibəylə bağlı səhnələr idi. Rüstəm İbrahimbəyovun yaradıcılığına bir daha heyran qaldım. Təbii ki, Rasim Ocaqovun zəhmətini danmaq olmaz. Fəxrəddin Manafov da həmişəki ampluasındadı. Dediyim kimi, mənim üçün əsas müharibəylə bağlı səhnələr idi və onları diqqətlə izlədim. Film detallarla zəngindi. Müharibədə əqli qabiliyyətini itirən Duquşun hərəkətləri, baş qəhrəmanın müharibədən sonra iş tapa bilməməsi və s. Ən təsirli cümləsi: "Bir şeyi unutma, mənim bundan sonra səndən başqa heç kimim yoxdu". Məncə, bu cümlədən sonra ölmək olmazdı...
R: Ölsəm bağışla niyə ki? Kim bağışlayar ki, onu natamam buraxan birini? Müharibədən qayıtmasını illərlə gözlədiyi, əlacsızlıq, qəlbqırıqlığı ilə özünü başqasına vermiş olduğu, eyni masada əyləşib çay içdiyi, hər şeyi - ərini, valideynlərini atıb sevdiyinə getdiyi, 10 uşaq - hətta, sevdiyinin xoşlanması üçün ancaq oğlan doğmağı düşünən bir qadını "tapancanı at" təkidlərinə qarşı yarımçıq buraxan bir kişini niyə bağışlasın ki? Nəyi bağışlasın ona? Ərinin xoşlanması üçün yeni almış olduğu gecəliyi geyinib, çox xoşladıqları "marojna"nı birlikdə yeməyə hazırlaşdığı halda həyətdə qanlar içərisində yerə uzanmış bir kişiyə nəyi bağışlasın? Qınaqları, kimsəsizliyi öz üzərinə götürərək yaşadığı şəhərdən/ölkədən, ata-anasından, təmiz adından imtina etmiş bir qadının bağışlayacaq daha nəyi ola bilərdi ki? Heç bir şeyi.

0 коммент.:

Отправить комментарий